“Sevgi ilə paylaş: Rumıniya haqqında kəşf etdiyim məlumatlar”    

13:32 01.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dillər Universitetində fəaliyyət göstərən Rumın Dili və Mədəniyyəti Mərkəzininin rəhbəri Jozefina Battonun təşkilatçılığı ilə “Sevgi ilə paylaş: Rumıniya haqqında kəşf etdiyim məlumatlar” adlı onlayn canlı təqdimat baş tutub.

Hafta.az yazır ki, onlayn tədbirə Rumıniyada müvəqqəti yaşayan Azər adlı könüllü, Azərbaycandan isə bir neçə tələbə qatılıb. Görüşdə “Rumıniyada könüllü kimi yaşamaq”, “Proqram anlayışları” və “Rumıniyada müşahidə etdiyim mənzərəli yerlər” mövzuları müzakirə edilib.

Öncə Azər Rumıniyada olduğu 9 ay ərzində gördüyü könüllü işlərlə bağlı danışıb. Bildirib ki, ötən il sentyabrın 10-dan təcrübə keçmək üçün Rumıniyadadır və onun bu ölkədəki könüllü işi bu il may ayının 15-də başa çatır. Könüllü fəaliyyətindən söz açan 27 yaşlı Azərə görə, Rumıniyanı tanımayan və ya bu ölkə barədə az bilən insanlara daha doğru-dürüst məlumat verilməlidir. “Mən də Rumınyada əldə etdiyim təcrübəmin bir qismini onlayn formada təşkil edilmiş görüşdə Azərbaycan Dillər Universitetinin rumın dili müəllimi Dr. Jozefina Batto və tələbələri Gülşən Atakişiyeva, Şəhanə Mirzəyeva, Səda Məmmədli, Zərifə Əliyeva, Aysel Talıbova, Əlşiraz Əlşirazov, İdris Mirzəyev və Fəxrim Səfərovla bölüşməliydim. Amma təəssüf ki, internet zəif olduğu üçün sadəcə bu ali təhsil ocağında 3-cü kursda oxuyan Gülşən Atakişiyeva və Zərifə Əliyeva ilə bağlantı yarada bildik” deyən Azər EVS proqramından bəhs edib. Bildirib ki, proqramın 2 komponenti var: idman (Erasmus +), əsas məqsədi voleybola maraq göstərən şəxslərə və təşkilatlara kömək edəcək dəstəkləyici materiallar yaratmaqdır. Buna görə təşkilat Rumıniya, İspaniya, İtaliya və Şimali Makedoniyada, həmçinin digər tərəfdaş olmayan ölkələrdə olduğu kimi, könüllülüyü (Avropa Həmrəylik Korpusu), voleybol biliklərini və təbliğini artırmağa ümid edir, Başlıca məqsəd isə gəncləri idmanla məşğul olmağa təşviq etmək və yerli idman klublarına dəstək olmaqdır. Layihə, həmçinin cəlb olunmuş beynəlxalq könüllülərə əmək qabiliyyətlərini artırmaq və əmək bazarına inteqrasiyasına kömək göstərəcək təcrübə qazanmaq üçün təkliflər vermək istəyir və sair.

O, daha sonra bu proqram üçün seçimlə bağlı təcrübəsini bölüşüb. Bildirib ki, könüllü işçinin idmana, xüsusən də voleybola və ünsiyyətə, sosial mediaya, eləcə də idmanla əlaqəli fəaliyyətlərlə işləmək, voleybol haqqında daha çox məlumat əldə etmək, sosial mediada, ünsiyyətdə, qrafikada inkişaf etmək üçün maraq olmalıdır. Azər onlayn görüşün iştirakçılarına Aİ proqramına çox çətinliklə qəbul edildiyini bildirib. Onun sözlərinə görə, bəzi lazımi sənədlərə və tələblərin çətinliyinə görə, Avropa İttifaqının heç də bütün subyektləri könüllü qəbul etmir. Ancaq bunu Rumıniya edib və buna görə də Rumıniya dövlətinə təşəkkürlərini bildirib.

Azər deyib ki, hazırda Maramures regionda yerləşən Baya Mare şəhərində yaşayır və bunun üçün xoşbəxtdir. O, orda olduğu müddətdə insanların mehribanlığı və qonaqpərvərliyi sayəsində özünü qərib hiss etmədiyini deyib.

“Rumıniyada könüllü fəaliyyətim yalnız bir vəzifə yerinə yetirməklə məhdudlaşmır. Söhbət, başqa təşkilatların təşkil etdiyi tədbirlərə qatılmaq, yerli insanlardan dost olmaq, rumınları və digər millətləri çox yaxşı tanımaqdan ibarətdir. Baya Mare çox böyük şəhər olmasa da, orada müxtəlif ölkələrin insanlarını görüb dost ola bilərsiniz. Məsələn, tədbirlərdə iştirak edərkən ABŞ, Avstraliya, Macarıstan, Norveç, Avstriya, İspaniya və sair ölkələrin vətəndaşları ilə görüşdüm. Hansı ki, onlar da könüllü olaraq idman, təhsil sahələrində çalışırlar” deyib Azər.

O, Rumıniyada olduğu müddətdə komandası ilə birlikdə ölkənin digər bölgələrinə - Buxarest, Mierkurea Kyuc, Sinaya, Brasov, Oradea, Bayle Tuşnad, Sfantu Gheorghe, Rașnov kimi yerlərə baş çəkdiyini, dağların qoynunda yerləşən iki gözəl şəhərə daha çox üstünlük verdiyini bildirib. Bunlar Sinaya və Bayle Tuşnaddır.

“Sinayada işıqfor yoxdur. Bu şəhər dağların qoynunda yerləşir. Əsrarəngiz təbiəti var: çay, cəlbedici tarixi yerləri, dükanları, restoranları, ecazkar mənzərələri. Qiymətlər digər şəhərlərlə müqayisədə bir qədər yüksəkdir, amma burada yaşanan hər bir gün insane zövq verir. Sinayda orta müddətli bir təlim keçirdik və layihə fəaliyyətimiz üçün bütün ödənişlər Rumıniya Milli Agentliyi tərəfindən ödənildi. Agentliyə təşəkkür edirik ki şəhəri görmək və mənzərəli yerlərini kəşf etmək üçün şərait yaratdı”, - Azər deyib.